Noyabrın 21-də Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal naziri Musadik Masud Malik ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Pakistan arasında humanitar və mədəniyyət sahələrində münasibətlərin inkişaf etdiyi vurğulanıb.
Görüşdə Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü "İqlim naminə mədəniyyət" təşəbbüsü, mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolu və mədəni irsin iqlim risklərindən qorunması sahəsində beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib.
Bildirilənə görə, təşəbbüs dayanıqlı inkişafın və iqlim fəaliyyətinin təşviqində mədəniyyətin rolunun gücləndirilməsini nəzərdə tutur.
Mənbədə yer alan məlumatlara əsasən, görüşdə ikitərəfli mədəni və humanitar əməkdaşlıq və mədəni irsin qorunması mövzuları müzakirə edilib.
Mənbə: az.trend.az

