Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana gətirilən və xarici ölkədə terror təşkilatının fəaliyyətində iştirak etdikləri müəyyən edilmiş iki vətəndaşın həbs olunduğunu bildirib.
Məlumatda göstərilir ki, Yunus Mehman oğlu Abdurahmanov 15 noyabr 2025-ci ildə xarici ölkəyə gedərək “İslam Dövləti Xorasan Vilayəti” qruplaşmasına qoşulub, dağlıq ərazidə mağara tipli düşərgədə yerləşdirilib, odlu silah və döyüş sursatları ilə təchiz edilərək hərbi təlimlərdə iştirak etməsi müəyyən edildikdən sonra xüsusi əməliyyatla saxlanılaraq ölkəyə gətirilib.
Abdulla Yaşar oğlu Həsənbəyov isə xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyəti ilə xaricə gedərkən Azərbaycanın verdiyi məlumat əsasında həmin dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlər nəticəsində gizli marşrut üzrə hərəkət zamanı saxlanılaraq gətirilib.
Hər iki şəxs barəsində müvafiq maddələr üzrə ittihamlar irəli sürülərək məhkəmənin qərarı ilə onlara həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə: az.trend.az

