Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatında partiyanın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuşların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, partiyanın Ulu Öndər Heydər Əliyevin ideyaları və dövlətçilik prinsipləri əsasında yarandığını, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin qorunması istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli və Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında təsis edilməsinin Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətini qeyd ediblər. Vüqar Rəhimzadə tədbirdə partiyanın 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə fəaliyyətə başladığını xatırladıb.
Çıxışlarda həmçinin partiyanın milli birliyin möhkəmlənməsində, dövlətçilik ənənələrinin bərpasında və ölkənin inkişafında rolu vurğulanıb. Ordubad rayon Müharibə Veteranları və Qaziləri Birliyinin sədri Raqib Baxşıyev 44 günlük Vətən müharibəsində əldə olunan zəfərin Prezident, xalq və ordu birliyinin rolunu qeyd edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib.
Mənbə: az.trend.az

