Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən karantin rejiminin yumşaldılmasından sonra sahibkarların hansı formada fəaliyyət göstərəcəyinə dair brifinq keçirib.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat nazirinin müavinləri Sahib Ələkbərov və Sahib Məmmədov və Vergilər nazirinin müavini İlkin Vəliyev jurnalistlərin suallarını cavablandırıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, ölkəmizdə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində yaxın günlərdə xüsusi karantin rejiminin yumşaldılmasına başlayacaq: “Ümid edək ki, bu müddət karantin rejimindən çıxış müddətinin başlanğıcı olacaq. Amma bu olmaya da bilər. Karantin rejimindən çıxmaq təkcə dövlətin qəbul etdiyi qərarlardan, qəhrəman həkimlərdən deyil, hər bir vətəndaşın fərdi məsuliyyətindən asılıdır. Biz yeni sosial və iqtisadi həyat tərzinə öyrəşərək yaşamalıyıq. Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Müddət insanların qaydalara əməl etməsindən asılıdır. Sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidirlər”.