Ağcabədi rayonunun Minaxorlu kəndində yerləşən, bir əsrdən artıq yaşı olduğu bildirən köhnə məktəb binasında yanğın qeydə alınıb.
Yanğın Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən, hazırda istifadə olunmayan köhnə məktəb binasında baş verib. Mənbəyə görə, bina vaxtilə bəy evi olub, sovet dövründə məktəb funksiyası daşıyıb və kənddə yeni məktəb binası tikildikdən sonra anbar kimi istifadə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri və polis əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının hazırda fəaliyyət göstərən məktəb binasına yayılmasına imkan verilməyib.
Hazırda yanğının tam söndürülməsi və aktiv yanma ocaqlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir və yanğının başvermə səbəbi araşdırılır.
Mənbə: az.trend.az

