Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib.
“Rubin.az” xəbər verir ki, Mehriban Əliyeva rəsmi feysbuk səhifəsindəki paylaşımında qeyd edib: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”
Xatırladaq ki, aprelin 11-də Bakının məşhur Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqları birlikdə görüntülənib.
Aprelin 14-də isə Ankaradakı “Atakule” qülləsində Türkiyə və Azərbaycan həmrəyliyini göstərmək məqsədi ilə hər iki ölkənin bayraqları rəngli işıqların və musiqinin müşayiəti ilə dalğalandırılıb.
Qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdə olub.