Noyabrın 23-də Alyona Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib və mərkəzin fəaliyyəti ilə tanış olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Mərkəzin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Birinci vitse‑prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə əlilliyi olan şəxslər və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.
Məlumatda qeyd olunub ki, beş il əvvəl açılan Mərkəzdə və İsmayıllı ilə Bərdədəki filiallarda ötən dövrdə 1 160-dan çox şəxs təlimlərə və sosial‑psixoloji xidmətlərə cəlb edilib; hazırda təxminən 380 benefisiar bacarıqlarını inkişaf etdirir.
Alyona Əliyeva Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olub, müxtəlif studiyalara baş çəkərək həssas qruplara aid şəxslərlə görüşüb və təqdim edilən inklüziv konsert proqramını izləyib. Qonağa həmçinin dostart.az portalı barədə məlumat verilib.
Mənbə: az.trend.az

