“Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin”.
“Rubin.az” xəbər verir ki, bu sözləri martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
“Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir”, – deyə dövlət başçısı əlavə edib.