Prezident İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.
“Rubin.az” xəbər verir ki, dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
***
İlham Əliyev Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
***
İlham Əliyev 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiya haqqında məlumat verib. Prezident yarımstansiyanı işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.
***
İlham Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib. Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident komplekslə tanış olub. Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.