Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir.
“Rubin.az” xəbər verir ki, Prezident İlham Əliyev toplantıda iştirak edir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan layihə çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Həmin ilin iyununda isə TANAP qaz boru kəməri istifadəyə verilib, ötən il isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə davam edir. Yeddi ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir.
Əvvəlcə toplantının iştirakçıları birgə foto çəkdirdilər.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bu illər ərzində səmərəli əməkdaşlıq formatı olduğunu və layihənin reallaşmasına mühüm töhfələr verdiyini bildirdi.
Toplantıda nitq söyləyən Prezident İlham Əliyev Məşvərət Şurasının son illərdə səylərin gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin reallaşmasına mühüm töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Cənub Qaz Dəhlizinə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Azərbaycan Prezidenti layihənin keçdiyi tarixi yola nəzər salaraq dedi ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb. Bu layihə Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib.
Cənub Qaz Dəhlizinə böyük beynəlxalq marağın olduğunu deyən Prezident İlham Əliyev layihənin əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsinin əhəmiyyətindən danışdı, hazırda TAP layihəsinin 92 faiz tamamlandığını dedi.
Dövlətimizin başçısı nitqində müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən danışdı, Azərbaycanın neft-qaz ehtiyatlarının hasilatı və ixracı sahəsində görülən işləri xatırladı. Vurğuladı ki, bu illərdə Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib. Neftdən gələn gəlirlərin ölkənin inkişafına xərcləndiyini, indiyə qədər bir çox infrastruktur layihələrinin icra edildiyini və bu istiqamətdə işlərin davam etdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi imkanlardan bəhs etdi və Şuranın işinə uğurlar arzuladı.
Sonra Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt çıxış etdi. O bildirdi ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün nailiyyətdir və bu layihə Avropanın enerji təhlükəsizliyini gücləndirir. “Bu layihə bizim şaxələndirilmə strategiyamızın tərkib hissəsidir və yeni mənbədir”, -deyən Klaus-Dieter Borxardt Prezident İlham Əliyevə bu layihəyə rəhbərlik etdiyinə görə təşəkkür etdi və tərəfdaş ölkələrə səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirdi.
Toplantı işini panel sessiyalarla davam etdirib.