Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə şərait yaradıb.
Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ilk mərhələdə 10 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Rubin.az”-a verilən məlumata görə ,mərkəzlərin 4-ü Bakı şəhərində, 6-sı Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəran şəhər və rayonlarında yaradılacaq. Bu mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılacaq.
Qeyd edək ki, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.