Bu gün Göyçay Rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı Uşaq Teatrının hazırladığı və insan alverinə həsr edilən “Günahsız günahkarlar” adlı tamaşası nümayiş olunub.
“Rubin.az” xəbər verir ki,tamaşanı rayonun müxtəlif idarə və müəssisələrində çalışan gənclər, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri izləyiblər.
Tamaşa nümayişindən əvvəl Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov çıxış edərək, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanan tamaşanın əsas məqsədinin gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işini gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Sonra Ağdaş regional Mədəniyyət və Turizm idarəsinin Göyçay rayon üzrə nümayəndəsi Sahib Şükürov çıxış edərək, müasir dövrümüzdə bu kimi tamaşalara ehtiyac olduğunu, gənclərimizin pis vərdişlərdən uzaq olmağa səsləyərək, savadlı və sağlam gəncliyin yetişməsində böyük rolu olduğunu vurğuladı.
Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan tamaşaçılara insan alverinin törətdiyi fəsadlar barədə məlumat verib, gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam həyat və düşüncə tərzi seçmələri üçün valideynlərə daha məsuliyyətli olmalarını tövsiyə edib.
Real həyatda baş verən hadisələr əsasında hazırlanan tamaşa gənclər arasında məşhur olan “mafiya oyunu” üzərində qurulub. Gənclər yığışıb “mafiya” oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.
Qeyd edək ki, əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimdir.
Davud Tarverdiyev