2027-ci ilin dövlət büdcəsi layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinin maliyyələşdirilməsinə 643 milyon manat proqnozlaşdırılıb. Bu rəqəm Maliyyə nazirinin müavini Himalay Məmişovun Milli Məclisdəki çıxışında verilib.
Məmişov bildirib ki, bu məbləğ 2025-ci ilin icrası ilə müqayisədə 116 milyon manat və ya 22 faiz çoxdur.
Büdcə çərçivəsində 239 milyon manat mədəniyyət və incəsənət sahəsinə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların və musiqi kollektivlərinin saxlanılmasına ayrılacaq.
Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması üçün 68,4 milyon manat nəzərdə tutulub. Eyni zamanda televiziya, teatr və kino sahələrinin bəzi tədbirlərinin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə 26,8 milyon manat proqnozlaşdırılıb.
Büdcədə xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanmasına 13,7 milyon manat, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeylərinin saxlanmasına 49,7 milyon manat ayrılması planlaşdırılır. Teatr və konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Kino Agentliyi və Dövlət Film Fondunun saxlanması üçün 3,1 milyon manat və Azərbaycan kinosunun davamlı inkişafı üçün 9 milyon manat nəzərdə tutulub.
Mənbə: az.trend.az

