Bakıda 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Təlim-Tədris üzrə işçi qrupunun seminarı keçirilib və tədbirin sonunda tərəflər arasında yekun protokol imzalanıb.
Seminarda komanda-nəzarət, radioelektron mübarizə və kibertəhlükəsizlik sahələrində imkanların inkişafı və bu sahələrdə baş verən hadisələrin izlənilməsi kimi mövzular ətrafında müzakirələr aparılıb.
Məruzəçilər mövcud fəaliyyət mexanizmləri barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıblar.
Tədbirin sonunda protokolun imzalanması ilə yanaşı qarşılıqlı hədiyyələr təqdim olunub.
Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, bu əməkdaşlıq orduların döyüş hazırlığının artırılmasına, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə və təlim-tədris üzrə hərbi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Mənbə: az.trend.az

