Krivoy Roq şəhərində “Azərbaycan Diasporu” Təşkilatının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir barədə məlumat Diasporla İş üzrə Dövlət Komitəsindən verilib.
Tədbirdə şəhərin Hərbi Administrasiyasının sədrinin müavini Viktoriya Andreyevna, diaspor fəalları, həftəsonu məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Açılışda Azərbaycan və Ukrayna dövlət himnləri səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Viktoriya Andreyevna çıxışında Azərbaycanın Ukraynaya göstərdiyi siyasi dəstək və humanitar yardımlarına görə təşəkkürünü bildirərək şəhər rəhbərliyi adından Zəfər Günü münasibətilə təbrik edib.
Təşkilatının sədri Kəmaləddin Ağayev tədbirin tarixi və mənəvi əhəmiyyətindən danışıb. Tədbir çərçivəsində Zəfər Gününə həsr olunan film nümayiş etdirilib.
Proqramın sonunda diaspor fəallarının iştirakı ilə Azərbaycan və Ukrayna bayraqları ilə bəzədilmiş avtomobillərin yürüşü keçirilib.
Mənbə: az.trend.az

