Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Geoloji park layihəsinə dair İşçi Qrupun iclası keçirilib və layihənin əsas istiqamətləri müzakirə olunub.
Aynurə Kərimova iclasda qeyd edib ki, geoparkın konsepsiyasının yekunlaşdırılması, ərazi sərhədlərinin müəyyənləşdirilməsi və sahələrin inventarlaşdırılması üzərində işlərə başlanılıb, həmçinin beynəlxalq standartlara uyğun nominasiya sənədinin hazırlanması planlaşdırılır.
Nazirlik bildirib ki, bu təşəbbüs Azərbaycan geoloji irsinin qorunmasına xidmət edəcək, Abşeron yarımadasındakı palçıq vulkanlarının tanıdılmasını və ekoturizmin inkişafını dəstəkləyəcək, eləcə də gələcəkdə ölkənin UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil olma şanslarını artıracaq.
Xatırladılıb ki, Geoloji parkın yaradılması 22 iyul 2022-ci il tarixli Prezident Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulub.
Yeni geoparkın Bakı və Abşeron yarımadasında, palçıq vulkanları yerləşən və beynəlxalq ekspertlərin seçdiyi sahələrdə formalaşdırılması planlaşdırılır; cari mərhələdə sahələrin inventarlaşdırılması və nominasiya sənədinin hazırlanması üzrə işlər davam edir.
Mənbə: az.trend.az

