Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini Sahil Kərimli bildirib ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” sammiti çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. O qeyd edib ki, təxminən bir gün ərzində 10-a yaxın ölkə lideri ilə görüşlər keçirilib.
Kərimli vurğulayıb ki, Azərbaycan uzunilliklərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Prezidentin enerji təhlükəsizliyi panelində iştirakı mühüm əhəmiyyət daşıyırdı.
O, sammitdə Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını xüsusi qeyd edib və bunun ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi anlamına gəldiyini bildirib.
Kərimli əlavə edib ki, Azərbaycan ABŞ və bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və Avropa İttifaqı ilə strateji məzmunlu dialoqun aparılması ölkənin beynəlxalq uğurlarının göstəricisidir.
Politoloq Orta Dəhlizdə Azərbaycanın mövqeyinin əhəmiyyətini, enerji layihələri və alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi sahəsində əməkdaşlığın rolunu vurğulayıb.
Sahil Kərimli həmçinin Ermənistan–Azərbaycan sülh gündəliyi çərçivəsində atılan addımların ölkənin konstruktiv mövqeyini göstərdiyini, sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişlər əldə olunduğunu qeyd edib.
Mənbə: az.trend.az

