İran və Ermənistan Norduz–Meğri sərhədində sadələşdirilmiş “yaşıl” gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər. Mənbəyə görə, bu razılaşma gömrük prosedurlarının tamamlanmasını sürətləndirərək yüklərin sərhəddə gözləmə müddətinin azalması məqsədi daşıyır.
Sentyabrın 12-də Culfada İran Gömrük Xidmətinin rəhbəri Fərrud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan arasında görüş keçirilib. Görüşdə İran Gömrük Xidməti ilə Ermənistan Dövlət Gəlirləri Komitəsi arasında gömrük əməkdaşlığının genişləndirilməsi və prosedurların sadələşdirilməsi barədə protokol imzalanıb.
Görüş zamanı tərəflər yüklər sərhədə çatmazdan əvvəl onların elektron məlumat mübadiləsinin (Pre-Arrival) gücləndirilməsi, sənədlərin yoxlanılmasının sadələşdirilməsi və kağız sənədlərin elektron sənədlərlə əvəz edilməsi barədə razılığa gəliblər. Mənbədə bu tədbirlərin yük avtomobillərinin ölkəyə girişində inzibati prosedurların həcmini azaltmağa yönəldiyi göstərilib.
Tərəflər səlahiyyətli iqtisadi operatorların (AEO) statusunun qarşılıqlı tanınması barədə sənədi müzakirə edib və təsdiqlədiklərini bildiriblər. Həmçinin Norduz–Meğri sərhəd-keçid məntəqəsindən birgə istifadə müddətinin 10 il uzadılması və gömrük məlumatlarının elektron mübadiləsinin (EDI) təmin edilməsi üzrə razılaşma əldə olunub.
İmzalanan sənədlər görüş zamanı iki ölkənin gömrük xidmətlərinin rəhbərləri tərəfindən paraflanıb; onların praktiki tətbiqi üçün konkret tələblər və prosedurların ekspertlər tərəfindən əlavə razılaşdırılacağı qeyd olunub.
Mənbə: apa.az





