Ötən gün Qara dənizdə üzən “TEDY” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Xarici İşlər Nazirliyinin APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub, İmran Novruzov və Rauf Əliyev xəsarət alıb.
Yaralılar Ukraynanın Çernomorsk şəhərinin xəstəxanasında yerləşdiriliblər. Nazirlik onların tibbi müayinəsi və müalicəsindən sonra ölkəyə qaytarılması və konsulluq dəstəyinin göstərilməsi üçün tədbirlərin görüldüyünü bildirib.
Xarici İşlər Nazirliyi hazırda diplomatik nümayəndəliklər və müvafiq ölkələrin səlahiyyətli orqanları ilə əlaqələndirmə apardığını, həmçinin cənazələrin repatriasiyası və zəruri prosedurların həyata keçirilməsi istiqamətində tədbirlərin görüldüyünü qeyd edib.
Bəyanatda həlak olanların ailələrinə başsağlığı verildiyi və yaralananlara tezliklə şəfa arzulandığı vurğulanıb. Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizliyin qeyri‑sabit olduğu bölgələrə səfər etməkdən və bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində işləməkdən çəkinməyə çağırıb.
Mənbə: apa.az





