25 oktyabr Qubadlı Şəhəri Günüdür. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək qürurvericidir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün addım-addım irəli gedərək tariximizin şanlı Zəfər səhifəsini yazdı.
Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib. Dövlətimizin başçısı çıxışında xüsusi vurğulayıb ki, «Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi daha da yaxınlaşdırdı”.
Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15209 nəfər hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Artıq dörd ildir ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixləri böyük qürur hissi ilə qeyd edirik. 30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan ermənilərin bu ərazilərimizdə törətdikləri vəhşiliklərin miqyası ölçüyə gəlməzdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və bütün ərazilər tamamilə dağıdılıb, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib.
Dörd ildir sahibinə qovuşmuş torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Tarixi Zəfərimizdən dərhal sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfər etməklə bərpa-quruculuq işlərinin anonsunu verdi. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaq qeyri-mümkün olsa da Azərbaycan dünya hərb tarixində ilkə imza atdı.
04.05.2023-cü il tarixində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri həyata keçirilmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri müntəzəm xarakter daşıyıb. 25.10.2021-ci ildə Qubadlıya səfər edən dövlətimizin başçısı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, «Qubadlı» yarımstansiyasının açılış mərasimində iştirak edib, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışışını edib.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.
Ölkə başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri bir daha onu deməyə əsas verir ki, Qubadlı da daxil bütün torpaqlarımız, sözün əsl mənasında tezliklə cənnətə çevriləcək.
“Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birliyi sayəsində bu gün biz Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edirik.
Ali Baş Komandan cənab İlham Əliyev Qubadlı rayon ictimaiyyəti ilə görüş zamanı da bildirmişdir ki, “Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik.”
Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirməsi üçün möhtəşəm imkanlar əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.
Qubadlının azad olunduğu bu tarixi günü xalqımız böyük təntənə ilə qeyd edir.
Emin Babalı
Suraxanı rayonu, M.Bayramov adına 196 nömrəli tam orta məktəbin coğrafiya müəllimi