ABŞ-ın paytaxtı Vaşinqtondakı Bay Atlantik Universitetində “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni‑maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Qlobal Təhsil, Mədəniyyət və Cəmiyyət Alyansının (GECSA) təşəbbüsü və Bay Atlantik Universitetinin əməkdaşlığı ilə təşkil olunub; universitetin professor‑müəllim heyəti, tələbələr və yerli ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.
Tədbirin məqsədi Amerika ictimaiyyətini Azərbaycanın tarixi, mədəni irsi, milli ənənələri, musiqisi, memarlığı və turizm imkanları barədə məlumatlandırmaq, mədəniyyətlərarası dialoqu təşviq etmək və Azərbaycan ilə ABŞ arasındakı təhsil əlaqələrinin inkişafına töhfə vermək olub.
GECSA‑nın təsisçisi və prezidenti Vüsal Quliyev açılış nitqində alyansın məqsədləri və gələcək perspektivləri haqqında danışıb və layihə çərçivəsində Azərbaycanın ilk ölkə kimi seçilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Bay Atlantik Universitetinin Qlobal Siyasət İnstitutunun prezidenti Paolo fon Şirak Azərbaycanın mədəni irsi və ölkəyə etdiyi səfərlərdən bəhs edib; o, həmçinin Şuşada keçirilən Qlobal Media Forumlarında iştirakı və oradakı bərpa işlərinə dair müşahidələrini tədbirdə bölüşüb.
Azərbaycan‑Amerika Təşkilatları Alyansının icraçı direktoru Nigar İbrahimova tədbirdə ölkənin tarixi, coğrafiyası, multikultural ənənələri, musiqisi, memarlığı və turizm potensialı barədə təqdimat edib. Layihə GECSA‑nın beynəlxalq mədəniyyət və təhsil mübadiləsini təşviq edən təşəbbüsünün ilk tədbiri kimi təqdim olunub və növbəti mərhələlərdə digər ölkələrin də tanıdılmasının nəzərdə tutulduğu bildirilib.
Mənbə: az.trend.az

