Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini – Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb. Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, görüş NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində, Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi zamanı keçirilib.
Görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar verilib. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Rəsmi məlumatda qeyd olunur ki, belə tədbirlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Görüşdə qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib; qonaqlar təlim sahəsində bölmələrin təchizatına baxış keçirərək NATO standartları və tələblərinə uyğunluq səviyyəsini yoxlayıblar.
Mənbə: az.trend.az

