Şərqi Zəngəzurun ən önəmli bölgələrindən biri Zəngilan rayonudur. Ölkəmizin ən qədim yaşayış məskənlərindən biri olan Qarabağın nəqliyyat qovşağı desək yanılmarıq. Zəngilan rayonu Cəbrayıl, Qubadlı, İran İslam Respublikası və Ermənistanla sərhəddir. Ərazisindən 4 çay axır ki, onun da ən böyüyü Araz çayıdır. Zəngilan rayonu ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biridir. İstər Çar Rusiyası dövründə, istər SSRİ dövründə Zəngilan ən əsas təsərrüfat əhəmiyyətli rayon olub. Bununla yanaşı, rayon təbii ehtiyatlarla da zəngindir. Əhəng daşı, molibden, tikinti daşları, qızıl yataqları rayonun təbii sərvətləri cərgəsindədir. Rayonda orta əsrlər dövrü və yeni dövrə aid xeyli sayda abidələr, pirlər və məscidlər vardır. İşğal dövründə bu abidələrin bir qismi erməniləşdirilmiş, bir qismi talan edilmiş və dağıdılmışdır. Sovet rəhbərliyinin antiazərbaycan siyasəti tədbirləri nəticəsində XX əsrin 20-ci illərində Zəngəzurun Ermənistana verilməsi xalqımızın faciələrindəndir. Düzdür, Zəngilan Azərbaycanın tərkibində qalsada onun bir sıra kəndləri ermənilərə verildi. Hətta 1929-1930-cu illərin başında rayonun bir sıra kəndləri hesabına Mehri rayonu təşkil edildi. Bununla da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsi kəsildi. I Qarabağ savaşında Füzuli və Cəbrayılın işğal edilməsi Zəngilanın işğalını da ermənilər üçün asanlaşdırdı. Düşmənə xeyli müqavimət göstərən zəngilanlılar 235 nəfər şəhid verdilər. 29 avqustda rayon düşmən tərəfindən işğal edildi. Evlərini tərk edən dinc sakinlər Araz çayını keçərək İrana, oradan da Azərbaycanın digər bölgələrinə pənah gətirdilər. Əlbəttə ki,bütün bunlar çox çətin və ağrılı keçmişdir. Yaşlı insanlar,qadınlar və uşaqlar üçün daha da ağrılı olmuşdur.
27 sentyabr 2020-ci ildə Vətənimizin azadlığı uğrunda başlanan müqəddəs müharibə Zəngilanın azadlığı üçün də ümid yolu oldu. Cəbrayın və ardınca da Füzulinin azad edilməsi Zəngilanın da azad ediləcəyi günlərin çox yaxın olduğundan xəbər verirdi. İki günlük döyüşlərdən sonra 20 oktyabrda Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin azad edildiyini xalqımıza müjdələdi. Bu azad edilən 3-cü böyük şəhər mərkəzi idi. 22 oktyabrda Ağbəndin azad edilməsilə İranla dövlət sərhəddi tam bərpa edildi.132 km-lik nəzarətsiz qalan sərhədə tam nəzarət ələ alındı. Prezidentin 26 noyabr 2020-ci il tarixli qərarı ilə “Zəngilanın azad edilməsi uğrunda” medalı təsis edildi. 6000 nəfərdən çox hərbçi bu medalla təltif edildi. 2023-cü il 31 iyulda verilən sərəncamla isə 20 oktyabr Zəngilan şəhər günü kimi təsis edildi.
İlham Əliyev Zəngilana ilk dəfə 23 dekabr 2020-ci ildə səfər emişdir. Ümumilikdə isə 4 il ərzində 12 dəfə səfər etmişdir. Hər səfərində xeyli təməlqoyma və açılışlar həyata keçirmişdir. 2021-ci ildə təməli qoyulan ağıllı kənd layihəsi Ağalı kəndi qısa vaxtda inşa edilmiş və 2022-ci ilin mayında ilk sakinlər ora köçürülmuşdür. Ümumilkdə 183 ailə artıq orada daimi məskunlaşdırılmışdır. Kənddə məktəb, bağça, poçt, Asan və Dost mərkəzləri, iş yerləri açılmışdır. Rayonda Azərbaycan-Türkiyə birgə aqro mərkəzi yaradılmışdır. Rayonda Heydər Əliyev Fondu tərəfindən məscid inşa edilmiş və istifadəyə verilmişdir. Fondun bu addımı milli-mənəvi dəyərlərə sahib çıxmaq baxımından çox önəmlidir.
2022-ci ilin oktyabrında Füzulidən sonra Zəngilanda da hava limanı istifadəyə verilmişdir. Bugün Zəngilanda nəhəng nəqliyyat layihələri həyata keçirilir. Horadiz-Zəngilan quru yolu, Horadiz-Zəngilan-Ağbənd dəmiryolu nəinki ölkəmiz üçün, ümumilikdə region üçün mühüm əhəmiyyət kəsb edir. Bu yol gələcəkdə açılacaq Zəngəzur dəhlizinin mühüm hissəsidir. Naxçıvandan Zəngilana cəmi 40 km məsafə var. Dəhlizin açılması Naxçıvanla quru əlaqəsi üçün böyük əhəmiyyətə malikdir. Bundan əlavə bu dəhliz insanlarımızın Qərbi Zəngəzura qayıdışı deməkdir. Bu dəhliz yüklərin daha sürətli daşınması düməkdir.Və ən nəhayət bu dəhliz Türk dünyasının birliyi üçün çox böyük rola malikdir.
Bu gün Zəngilanda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir. 2025-ci ildə Zəngilan şəhərinə ilk sakinlərin köçürülməsi planlaşdırılır. Görülən işlər onu deməyə əsas verir ki, Zəngilan çox qısa vaxt ərzində ölkəmizin və regionun ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək, ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarından biri olacaqdır! Cənab prezidentin də dediyi kimi, biz bu torpaqlara əbədi qayıtmışıq!
Vüsal Babayev
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin tarix müəllimi