Vətənini ürəkdən sevən Azərbaycan xalqı üçün yurdumuzun hər bir guşəsi, hər qarış torpağı müqəddəsdir. Çünki bu torpaqların hər qarışı igid şəhidlərimizin qanı ilə yoğrulub. Odur ki, tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən Müharibəsi zamanı hər bir kəndin, hər bir şəhərin azad edilməsi bizim üçün böyük bir bayram idi. Müzəffər ordumuzun 2020-ci il oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda başladığı döyüşlər uğurla nəticələnmiş və oktyabrın 20-də Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Zəngilan və ətraf kəndlərin azad edilməsi ilə bağlı xəbəri də xalqımızın qəlbini dağa döndərmişdi. Zəngilanın azad edilməsi Azərbaycan-İran sərhəddinin bərpa edilməsi demək idi. Biz 2020-ci ilə kimi hər il oktyabr ayını Zəngilanın işğal tarixi kimi yad edirdik, artıq dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Zəngilan 90-cı illərdə ən son işğal edilən rayon olmuşdur. Zəngilanlılar 67 gün, son anadək tam mühasirə vəziyyətində vuruşmuşlar. Zəngilan şəhəri Ermənistan və İranla sərhəddə mühüm dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Rayon qızıl ehtiyatına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerdədir. Şəhər ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Erməni vandalları işğal zamanı bu abidələri, mədəniyyət ocaqlarını, həyat üçün zəruri olan sosial – iqtisadi infrastruktur obyektlərini dağıtmış, məhv etmişlər. Rayon ərazisində mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilmişdir.
2020-ci il dekabrın 23-də Zəngilan rayonuna səfər edən prezident İlham Əliyev bu şəhərdə Azərbaycan bayrağını qaldırdı. Azad edildikdən sonra Zəngilanda aparılan bütün bərpa və quruculuq işlərinə prezident şəxsən özü başçılıq etmişdir. Birinci pilot layihə Zəngilanda, Ağalı kəndində icra edilmişdi. Zəngilanda artıq məşğulluq, məktəb, bağça, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinlərinin doğma vətənə qayıtmağa başlaması böyük bayrama çevrilmişdi.
Zəngilanda müxtəlif layihələr həyata keçirilir. Burada inşa olunan beynəlxalq hava limanı bu bölgənin inkişafı baxımından böyük önəm daşıyır. Həmçinin Horadiz-Zəngilan-Ağbənd dəmir yolu, Zəngilan-Horadiz abtomobil yolu mühüm strateji əhəmiyyətə malikdir. Bu nəqliyyat yollarının gələcəkdə Zəngəzur dəhlizinə inteqrasiya olunması xalqımızın tarixi ərazisi olan Zəngəzura yenidən qayıdışını təmin edəcək.
Zəngilanda kənd təsərrüfatının inkişafına da böyük önəm verilir.Burada həyata keçirilən “Dost Aqropark” layihəsi Azərbaycan və Türkiyənin birgə fəaliyyətinin nəticəsidir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək.
Mələk Məmmədova
Suraxanı rayonu, Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin tarix müəllimi