Azad Qarabağın və ölkəmizin ən önəmli mərkəzlərindən biri Füzulidir. Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. İlk adı Qarabulaq olan bu inzibati ərazi 1930-cu ildə rayon statusu alır və Qaryagin adlandırılır. 1959-cu ildə dahi şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayona Füzuli adı verilir. Rayonda müxtəlif dövrlərə aid abidələr-əsasən türbələr inşa edilmişdi. Şeyx Babi Yaqub türbəsi(XIII əsr), Mirəli türbəsi(XIV əsr), Cəlil türbəsi(XIX əsr) və s.abidələr ərazinin mühüm abidələri hesab olunur.
1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz Ermənistanın işğalçı siyasəti ilə üzləşdi.Bütün cəhdlərə baxmayaraq Füzuli 23 avqust 1993-cü ildə işğal edildi. Rayonun 1100 nəfər insanı şəhid oldu, itkin düşdü. Əhali doğma yurdunu, yuvasını tərk etdi. Həmin il prezident seçilən Ümummilli lider H.Əliyev qısa vaxt ərzində ordu quruculuğu sahəsində ciddi işlər gördü. Və onun əmri ilə 1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı keçirildi, 22 yaşayış məskəni azad edildi. 2016-cı ilin aprelində baş vermiş uğurlu “Aprel döyüşləri”nin nəticəsi olaraq rayonun Lələtəpə yüksəkliyi azad edilmişdir. 2020-ci ilin 27 sentyabrında mənfur düşmənin atəşkəsi pozmasına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz Qarabağın azad olunma əməliyyatına – Dəmir Yumruq əməliyyatına başladı. Elə ilk uğurlar da Füzulidən gəldi. Bir neçə kənd azad edildi. 30 illik işğal dövründə düşmənin qurduğu maneələr, müdafiə qurğuları ordumuzu qorxutmadı, sadəcə bir qədər yubatdı.17 oktyabrda Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin azad edilməsi haqqında sevindirici xəbəri verdi. Bu müharibədə azad edilən ikinci rayon mərkəzi idi. İlham Əliyev: “İşğal dövründə Füzuli ən çox dağıntıya məruz qalmış şəhərdir. Rayon azad ediləndə ordumuz bayraq sancmağa bir dənə bina tapa bilmədilər,məcbur olub hərbi hissənin həyətində dirəyə sancdılar.”
10 noyabrda müharibənin bitməyindən cəmi 1 həftə sonra prezident Füzuliyə səfər etdi. Erməni talanlarını,vəhşiliklərini dünyaya nümayiş etdirmək üçün bu səfər vacib idi. 2020-ci ilin 26 noyabrında “Füzulinin azad edilməsi haqqında” medalı təsis edildi. Füzuli uğrunda döyüşən, şəhid olan, qazi olan oğullar bu medalla təltif edildi.
2021-ci ilin fevralında Füzuli hava limanının bünövrəsi cənab prezident tərəfindən qoyuldu və çox qısa vaxtda-cəmi 8 ay ərzində bu hava limanı inşa edilərək 26 oktyabrda istifadəyə verildi. Bu hava limanı Qarabağın qapısı adlandırılır. Cənab prezidentin göstərişi ilə Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Füzuli-Ağdam, Füzuli-Hadrut, Füzuli-Şuşa yolları da inşa edilib və edilir. Rayon nəqliyyat qovşağına çevrildi. Baş planı hazırlanan və təməli qoyulan ilk şəhər də Füzuli şəhəridir. Prezident dəfələrlə Füzuliyə səfərlər edib. Hər səfərdə də çoxlu açılışlar edib və ya yeni infrastruktur layihələrin təməlini qoyub. Cənab prezidentin göstərişi ilə binalar tikilib, xəstəxana, bağça, məktəb tikilib, yüzlərlə ailə öz doğma yurduna köçürülüb.
Sevindirici haldır ki, qardaş ölkələr,əsas da türk dövlətləri də Füzulinin inkişafına öz töhfəsini vermişdirFüzuli hava limanının açılışı Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğanla birlikdə həyata keçirildi.
2023-cü ilin avqustun sonlarında Özbəkistan prezidenti Şövkət Mirziyoyev Füzuliyə səfər etmişdir. Səfər zamanı Özbəkistan dövlətinin maliyyəsi hesabına inşa edilmiş Mirzə Uluqbəy adına 1 saylı məktəbin açılışı olmuşdur. Sonrakı dövrlərdə Qazaxıstan və Qırğız respublikalarının da prezidentləri Füzuliyə səfər etmişlər.
2023-cü ilin 31 iyulunda prezidentin sərəncamı ilə hər il 17 oktyabr Füzuli şəhər günü kimi qeyd edilir. Prezidentin füzulilərlə çıxışından:”Əminəm ki, 17 oktyabr günü xalqımızın çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz 17 okytabrda bizim böyük şəhərimiz Füzuli azad edildi. İkinci Qarabağ müharibəsinin şəhidlərinə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı nəticəsində tarixi ədalət bərpa edildi…Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd,salamat bina yoxdur. Bu erməni faşizminin üzüdür. Bütün dünya bunu görür və görməlidir. Füzuli azad edilmiş rayonlar içində ən çox mina ilə çirkləndirilmiş rayondur.100000-dən çox mina basdırıblar.Amma biz Füzuli şəhərini və kəndlərini yenidən bərpa edəcəyik. Burada həyat yenidən qaynayacaq…”
Bugün Füzulidə sürətli quruculuq-bərpa işləri görülür. Yeni binalar tikilir, ağıllı kəndlər salınır, nəhəng yol infrastrukturu həyata keçirilir, məktəblər, xəstəxanalar, müəssisələr inşa edilir. Zəfər muzeyi, İşğal muzeyi inşa edilir. Bir sözlə, artıq yeni reallıq, yeni tarix var: 17 oktyabr! Əziz Füzuli və füzulililər, şəhər gününüz mübarək!
Vüsal Babayev
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin tarix müəllimi