Prezident İlham Əliyev cari ilin 8 oktyabrında Rusiya paytaxtına işgüzar səfər edərək Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının toplantısında çıxış edib.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakteri daşıdığını bir daha təsdiq etdi. Dövlət başçısı bildirib ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu hadisənin həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandığını bildirib. Dövlət başçısı qeyd edib ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, işğalçılar tərəfindən tamamilə dağıdılmışdı. “Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.
Prezident İlham Əliyev bildirib ki, gələn il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Azərbaycanın qədim şəhərlərindən olan Gəncə şəhəri idman paytaxtına çevriləcək. Eyni zamanda yarışlar Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev bəyan edib ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. “Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”.
Gələn il İkinci Dünya müharibəsinin və alman faşizminin üzərində qələbənin 80 illiyidir. Azərbaycanın İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına sanballı töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev o zaman 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollandığını bildirib. Onların yarısı, 350 min nəfəri həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Həmin dövrdə Bakıda 41 hərbi hospitalın fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı 440 min yaralının müalicə aldığını, 416-cı Azərbaycan atıcı diviziyasının Şimali Qafqazdan Berlinə qədər döyüş yolu keçdiyini vurğulayıb. 9 Mayı ümumi qələbəmiz adlandıran Prezident İlham Əliyev bunun MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili olduğunu bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvada işgüzar səfərdə olan Prezident İlham Əliyev “Rossiya-1” televiziya kanalına müsahibə verib. Müsahibədə Vaşinqtonun Azərbaycana qarşı əsassız ittihamlarından danışan Prezident İlham Əliyev Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı olmadığını qeyd edib. “Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.
Dövlət başçısı müsahibəsində qeyd edib ki, Azərbaycana qarşı sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. “Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu”. Dövlət başçısı bu cür yanaşmanın nankorluq olduğunu bəyan edib.
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi