Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 23 sentyabr tarixində keçirilən ilk iclasında son illər əldə edilən uğurlardan bəhs etməklə yanaşı ölkə qarşısında yeni imkanları qeyd edib. Dövlət başçısı builki prezident və parlament seçkilərinin müstəqillik dövründə ölkəmizin bütün ərazisində keçirilən ilk seçki olduğunu bildirib və bunu tarixi hadisə adlandırıb. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yanaşı ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu bəyan edən Prezident İlham Əliyev birinci vəzifə olaraq hərbi gücümüzün artırılmasını müəyyən edib. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meylləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının artıq mövcud olmadığını vurğulayan Prezident İlham Əliyev beynəlxalq hüquq anlayışının tamamilə sarsıldığını bildirib. Dövlət başçısı bildirib ki, indi “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Prezident İlham Əliyev bildirib ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını qeyd edən dövlət başçısı bunların təkcə marginal siyasi ünsürlər olmadığını, eyni zamanda, bugünkü Ermənistan hakimiyyətinin bu fikirlərlə, bu xülyalarla yaşadığını bildirib. “Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər”.
Ermənistanı ölkəmizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planlarının göz qabağında olduğunu bəyan edən Prezident İlham Əliyev həmin dairələri erməni xalqının taleyinin maraqlandırmadığını bildirib. “Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratmağa və beləliklə, öz maraqlarını təmin etmək istəyirlər”. Dövlət başçısı bildirib ki, Ermənistana Qərb ölkələrindən silah-sursat göndərilir.
Prezident İlham Əliyev çıxışında qələbəmizi həzm edə bilməyən xarici dairələrin ölkəmizə qarşı yeni planlar hazırladığını bildirib. “Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlərə başlasınlar”.
Bununla belə dövlət başçısı xəbərdarlıq edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.
Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünün və inkişafının göstəricisi adlandıran Prezident İlham Əliyev bu sahəni daha da sürətlə inkişaf etdirməyə çağırıb. “Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Biz xarici mənbələrdən daha az asılı olmalıyıq”.
Xarici mənbələrdən asılılığın aradan qaldırılmasını dünyada yaranmış vəziyyətin diqtə etdiyinə işarə edən dövlət başçısı bildirib ki, bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb. “Onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Artıq bir neçə yerli Azərbaycan şirkəti, özəl şirkət hərbi sənaye kompleksinin inkişafında iştirak edir”.
Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparıldığını, digər qonşularla sərhədimizin müasir infrastrukturla təchiz edildiyini qeyd edən Prezident İlham Əliyev ölkəmizin qarşısında duran digər önəmli vəzifə kimi Qarabağ və Şərqi Zəngəzurun bərpası olduğunu qeyd edib. “Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır”.
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi