Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir.
1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmiz beynəlxalq birlik tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Bu ərazilər işğal edilsə də suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Çünki suverenlik dövlətin davamlılığını və qarşılıqlı münasibətlərini təmin edən əsas amil kimi çıxış edir.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən – Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan, Ermənistanın və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və suveren dövlət daxilində qəbuledilməz bir vəziyyət idi. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymadan onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində ötən il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Həmin nəzarət-buraxılış məntəqəsinin yaradılması hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi demək idi. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur. Həkəri çayının üzərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
Keçən il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilmişdi. Universitetin 2024-cü il sentyabrın 20-də açılması heç də təsadüfi deyil. Həmin gün Qarabağda Azərbaycan ərazilərinin tamamən işğaldan azad edilməsilə nəticələnən hərbi əməliyyatın keçirilməsindən bir il ötür. Bir sutkadan az davam edən hərbi əməliyyatlar zamanı erməni hərbi qüvvələrinin qalıqlarına sarsıdıcı zərbə endirilib. Tamamilə darmadağın olmamaq üçün onlar silahlarını yerə qoyub bölgəni tərk etdilər. Separatçı rejim süqut etdi. Onun müharibə cinayətlərində əli olan hazırkı və keçmiş liderləri həbs edildi.
Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdır.
23 saatlıq əməliyyat 1990-cı illərin əvvəllərində Ermənistanın işğalından sonra uzun illər münaqişə predmeti olan ərazilər üzərində Azərbaycanın Konstitusiyasının və tam nəzarətinin bərpası ilə nəticələndi. 1990-cı illərin əvvəlində münaqişə zamanı Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, o cümlədən keçmiş Dağlıq Qarabağ regionunun 20 faizini işğal etmişdi ki, bu da azərbaycanlıların genişmiqyaslı etnik təmizlənməsinə səbəb olmuşdu və Xocalı qətliamında kulminasiya nöqtəsinə çatmışdı.
2020-ci ildə Qarabağ müharibəsi Azərbaycanın öz torpaqlarının böyük hissəsini geri almasına gətirib çıxardı. 19-20 sentyabr 2023-cü il tarixli əməliyyatlar isə Azərbaycan ərazilərinin tamamən işğaldan azad edilməsilə nəticələndi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə prezident İlham Əliyev 20 sentyabrın Dövlət Suverenlik Günü kimi elan edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunmuşdur. 15 fevral 2024-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılmışdır. 20 may 2024-cü ildə Şahin Bayramov universitetin rektoru təyin olundu.
20 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi. O, Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdü və çıxış etdi. Prezident bildirdi ki, bu açılış istənilən gündə ola bilərdi, amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Universitetə 1200 tələbə daxil olub. Ölkəmizin hər bir bölgəsindən burada tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr prezidentlə görüşdə iştirak ediblər və buraya böyük həvəslə gəliblər. Müəllim heyəti də formalaşdırılmışdır. Müəllimlər də böyük həvəslə bu işə başlayırlar və Qarabağ Universitetinin Azərbaycanın aparıcı ali məktəblərdən birinə çevriləcəyinə böyük ümidlər var. Universitetdə artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsinin də yaradılması gözlənilir. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Prezident görüşdə bildirib ki, əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.
Qarabağ Universitetinin qurulması yolunda işlər sürətlə davam edir. Bütün heyət çox peşəkar insanlardan formalaşdırılıb. Qarabağ Universitetinin ilk tələbələri üçün elan olunan qəbul planı tam dolub və tələbə qəbulu çox keyfiyyətli olub. Universitetə qəbul olan tələbələr arasında imtahanlarda yüksək bal toplayan gənclərimizin sayı çoxdur. Bu, keyfiyyətli universitet quruculuğu yolunda daha da inamı artırır.
Qarabağ Universiteti tələbələrinin Azərbaycanımıza layiqli vətəndaş, yüksəkixtisaslı mütəxəssis olmaları ilə bağlı prezidentin vacib tapşırığı var. Buna görə də universitetin yeni dövrün çağırışlarına uyğun, məhz müasir Azərbaycan gəncinin arzu və istəklərinə uyğun formalaşdırılmasına çalışılır. Universitetdə məhz buna uyğun akademik məzmun yaradılıb və yeni dövrə uyğun universitet idarəetmə modeli formalaşdırılır. Qarabağ Universiteti prezidentin də böyük dəstəyi ilə çox qısa bir zamanda Azərbaycanımızın əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevrilə biləcək. Hər kəsin istəyi ondan ibarətdir ki, tələbələr Ulu Öndərimizin ideyalarına sadiq, vətənpərvər ruhlu, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərimizə sadiq gənclər olaraq yetişdirilsin ki. bütün gənclərimiz qarşıdakı dövrdə Azərbaycanımızın inkişafına öz layiqli töhfələrini verə bilsinlər.
Prezidentin tapşırığı ilə Qarabağ Universitetinin qarşısına qoyulan əsas hədəf keyfiyyətli ali təhsil xidmətləri göstərmək, nəticəyönümlü tədqiqatlar həyata keçirmək və cəmiyyətimizə faydalı ola biləcək innovativ həllər tətbiq etməkdir. Təbii ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayan ilk universitetin və ya adı Qarabağla bağlı olan bir universitetin heyətində təmsil olunmaq universitetin hər bir işçi heyəti üçün sonsuz şərəfdir və həm də çox böyük məsuliyyətdir.
Qarabağ Universiteti ən müasir standartlara uyğun olaraq qurulur. Universitetin akademik məzmunu çox müasir formatda təşkil olunub. Professor-müəllim və inzibati heyət bu məzmunu tələbə gənclərə çatdırmaq üçün xüsusi həssaslıqla seçilib, komanda peşəkarlardan ibarətdir. Prezidentin tapşırığına uyğun olaraq Qarabağ Universiteti ən keyfiyyətli ali təhsil xidmətlərini göstərə biləcək bir ali təhsil müəssisəsi olacaq. Qarabağ Universitetinin hədəflərindən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır. Müvafiq istiqamətlər üzrə aparılacaq nəticə yönümlü tədqiqatlar sayəsində regionumuz, ölkəmiz üçün faydalı olacaq həllər təklif etmək nəzərdə tutulır Qarabağ Universiteti tələbələri Heydər Əliyev ideyalarına sadiq gənclər olaraq yetişdirməyi nəzərdə tutur. Universitetdə ütün bunları həyata keçirmək üçün müvafiq infrastruktur, kadr potensialı mövcuddur.
Beləliklə 20 sentyabr tarixi də Azərbaycan tarixinin qürurlu səhifələrində öz yerini alacaq. Bu tarixdə Qarabağ Universitetinin açılması və Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi doğma torpaqların azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün mühüm məqam olacaq. Bu yaddaş milli kimliyin ayrılmaz hissəsinə çevriləcək, müstəqilliyin asanlıqla gəlmədiyini xatırladacaq.
Milli Birlik və Qüdrət Bayramı – 20 sentyabr həm də Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaq. Azərbaycanın çətin anlarda birləşərək öz torpağını, gələcəyini müdafiə etməyə hazır olduğunu bütün dünya gördü. Azərbaycanın Dövlət Suverenliyi Günü ölkənin müstəqillik yolunda qazandığı qələbələri və nailiyyətləri simvolizə edir, Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir və Azərbaycan Respublikasının tarixində yeni səhifə açır.
Gülər Salmanova
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin tarix müəllimi