Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən müqəddəs Qarabağ hədəfi müəyyənləşdirmiş, həm düşünülmüş xarici siyasət kursu ilə bir hədəfə doğru getmiş, həm də xalqı, xüsusən də gənc nəsli torpaqlarımızın işğaldan azad olunmasına inandırmaq yönümlü daxili ideoloji xətt seçmişdi. Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibədə dərin inamla məqsədyönlü siyasətin birgə zəfəri, böyük vüsətlə yaşanmışdı.
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın işğalı altındakı tarixi ərazilərinin xeyli hissəsini öz gücü ilə azad etdi. Şuşa şəhərinin azad olunmasından sonra işğalçı dövlət kapitulyasiya aktına imza atmağa hazır olduğunu bildirdi, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı.
Regional dayanıqlı inkişafa, sabitliyə töhfə vermək üçün sülh prosesinin irəliləməli olduğu bir vaxtda xunta rejiminin təhdidlə çıxışlar etməsi, hər ötən gün yeni təxribatların törədilməsi ifrat həddə çatmışdı. Azərbaycana qarşı törədilmiş hər bir təxribatın, xəbis planların kəsəri getdikcə artmaqda idi.
Hər bir dövlət özünün ərazi bütövlüyü çərçivəsində Konstitusiyasını, qanunlarını tətbiq etmək hüququna malikdir. Bu hüquq bütün suveren dövlətlər kimi Azərbaycana şamil edilməlidir.
Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, həmçinin bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ali Baş Komandanın uzaqgörən rəhbərliyi ilə bölgədə cəmi bir gün davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyinə təhdid Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah məhv edilərək, mərd, qəhrəman Azərbaycan ordusu tərəfindən böyük zəfərlə bitdi. Bu dəfə də mənfur düşmən ağ bayrağını qaldırdı.
Azərbaycan Ordusu, cəsur Azərbaycan əsgəri 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi bu əməliyyat tədbirində də heç bir mülki obyektə, mülki əhaliyə ziyan vurmadı. Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərk-silah və neytrallaşdırılmasına yönəldilmişdi.
Zəfər Azərbaycan xalqına yaraşır. Bu Zəfər münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Sevinirəm ki, bu Zəfərdə digərlərinin bir payı olanda, mənim iki payım var. Mənim hər iki oğlum əsil zabit kimi 44 günlük Vətən Müharibəsində iştirak etmiş, böyük oğlum pilot kapitan Xəyyam Əliyev Şəhid olmuşdur. Allah bütün Şəhidlərimə rəhmət etsin!
Əlixan Əliyev
Suraxanı RİHB-nın Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi