Müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoymuş dövlət xadimi Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçildi. Bu mötəbər hadisə ilə Azərbaycanın müstəqillik yolunun əsası qoyuldu.
Ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, xalqımızın ümidlərinin dirçəlişi və gələcəyə inamının artmasının təcəssümü idi. “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” deyən Ulu öndər Heydər Əliyev bu fikirləri həyata keçirdiyi müdrik siyasəti ilə sübut edib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə də böyük xidmətlər göstərib.
Ali Məclisin Sədri kimi əzmlə çalışan Ümummilli Liderimiz düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirib. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunub. Həmin dövrdə Muxtar respublikada Milli Ordu yaradılıb və Naxçıvanın müdafiə potensialı gücləndirilib. İlk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilib.
Ümummilli Liderimiz Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə ölkə hüdudlarından kənarda da dünya azərbaycanlılarının sonsuz rəğbətini qazandı.
Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yüksəldilməsi, respublikamızın tərəqqisinin təmin olunması və müstəqilliyimizin möhkəmləndirilməsində tarixi əhəmiyyətə malik işlər görülüb. Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyev dövlətimizin suverenliyinin qorunmasını mühüm amal və ali məqsəd hesab edirdi. Onun bu fikirlərini xatırlamaq yerinə düşər: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması ulu öndər Heydər Əliyevin siyasətinin ana xəttini təşkil edirdi. Çünki bu prinsiplərin özü bir dövlətin mövcudluğunun bünövrəsidir. İndi bu ali dəyərlər cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndirilir, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndirilir və qüdrətli dövlətimizin parlaq gələcəyi üçün yeni üfüqlər açılır.
Aygün Abbasova
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin tarix müəllimi