Ümummilli lider Heydər Əliyevin gözəl bir kəlamı vardr: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Həqiqətən də, istər respublikamızda, istərsə də dünyanın müxtəlif ölkələrində keçirilən idman yarışlarında himnimizin səslənməsi, bayrağımızın yüksəlməsi hər bir azərbaycanlıya fəxarət hissi yaşadır. Belə idman yarışlarından biri də dörd ildən bir keçirilən, idman bayramı kimi dəyərləndirilən Olimpiya oyunlarıdır. Bu il Parisdə keçirililən XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etdilər və Azərbaycan bayrağını ucaltdılar. İdmançılarımız bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer aldı, 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı. Müsəlman ölkələri arasında isə Azərbaycan bu yarışlarda 3-cü yerdə qərarlaşıb. İslam Əməkdaşlıq Təşkilatında 57 üzvün mövcudluğunu nəzərə alsaq, sözsüz ki, bu, çox gözəl və tarixi bir nəticədir.
14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüş zamanı Prezident İlham Əliyev idman oyunlarının ilk günlərində qızıl medal qazanan təmsilçilərimizin xalqımıza qələbə sevincini yaşatmasını xüsusi vurğuladı. Onların həm peşəkarlığı, həm idmandakı uğurları, həm də davranış qaydalarının hər birimizi ürəkdən sevindirdiyi qeyd olundu. Həmin idmançılar uzun illər ərzində öz çəki dərəcəsində liderliyi qoruyublar və Yay Olimpiya Oyunlarında bir daha bunu təsdiq ediblər.
Nəticələr onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri: cüdo, boks, taekvondo, yunan-Roma güləşi və sərbəst güləş sürətlə inkişaf edir. İdmanla məşğul olmaq üçün respublikamızın hər yerində yaxşı şərait yaradılmışdır. Bu sahəyə rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyər göstərir.
Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin məqsədi fiziki, mənəvi cəhətdən sağlam, vətənpərvər və peşəkar gənc nəslin yetişdirilməsi olmuşdur. İdmançılarımızın uğurlu çıxışları bir daha bu işlərin heç də əbəs olmadığını təsdiqlədi.
Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi getdiyi üçün uşaq-yeniyetmə idman növünə xüsusi diqqət göstərilməlidir. Bu cəhətdən qaliblərimiz yeni nəslə gözəl bir nümunədir. Qazanılan hər bir uğur, sözügedən olimpiadada qalibiyyətlər idmanla məşğul olan yeni nəsli də həvəsləndirir. Ölkəmiz üçün uğurlu oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, gənclərin idmana marağı artır.
Əminik ki, müəyyən istirahətdən sonra həm Avropa, həm də dünya çempionatlarına hazırlıq işləri gedəcək və Azərbaycan idmançıları daha böyük nailliyyətlərə imza ataraq xalqımızı sevindirəcək.
Səadət Seyidova
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllimi