“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin bir qrup üzvü “Dünya TV”-nin qonağı olub.
Təşkilatın sədri Vüsalə Qələndərli bir qrup istedadlı uşaq və gənclərlə birgə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin 6 yaşı münasibəti ilə “Dünya TV”-də yayımlanan “Bu sabah” verilişinin qonağı olub.
Əvvəlcə rəhbəri olduğu təşkilat haqqqında geniş məlumat verən Vüsalə xanım dövlətin gənclər siyasətindən geniş danışıb: “ 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Heydər Əliyev İli çərçivəsində artıq silsilə tədbirlər təşkil edilir, fərqli layihələr icra olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu rasional gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təşkilat olaraq biz də silsilə tədbirlər təşkil edirik, fərqli layihələr icra edirik”-deyə Vüsalə Qələndərli qeyd edib.
Altı illik fəaliyyətlərinə də toxunan QHT rəhbəri 400 nəfər müxtəlif yaş qrupuna aid istedadlı üzvlərinin olduğunu, hər birinin də yüksək nəticələrlə ölkədə və xaricdə böyük uğurlar əldə etdiyini vurğulayıb. Xüsusilə altı il ərzində təşkilatda könüllü fəaliyyət göstərən müəllimlərə təşəkkür edən QHT sədri onlarln əməyinin danılmaz olduğunu bildirib.
Verilişdə 10 nəfər istedadlı uşaq və gənc (Həzrət Əzizli -VIII televiziya Muğam müsabiqəsinin qalibi, Ədilə Əliyeva- VIII televiziya Muğam müsabiqəsinin diplomantı, Nuray Məmmədli – gənc xanəndə, Şeydayeva Aylin – rəqqasə, Feyziyeva Fatimə -qiraətçi, Bahadur Cabbarov – qarmon ifaçisi, Tubuxanım Cabbarova – xanəndə, Mehdi Abbasov – tar ifaçısı, Yusif Abbasov – kamança ifaçısı, Sənan Anaroğlu- saz ifaçısı) öz istedadı ilə izləyicilərin rəğbətini qazanıb.
Verilişin aparıcısı Xuraman Aydın və tanınmış müğənni Əli Hüseynov təşkilatın altı yaşını təbrik edərək xoş arzularını bildirib. Bu cür layihələrin vacibliyini qeyd edərək istedadlı uşaq və gənclərin tanıdılması, onların inkişafı və asudə vaxtlarını səmərəli təşkil etmələri üçün olduqca lazımlı olduğunu bildiriblər.