Konfransda bu mövzuda elan olunmuş yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb
RUBİN.AZ xəbər verir ki, martın 28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ailə modelinin gənc nəslə təbliği” layihəsi çərçivəsində Bakı Avrasiya Universitetinin akt zalında konfrans keçirilib.
Konfransda layihənin ekspertləri, jurnalistlər, aidiyyatı dövlət orqanların nümayəndələri, universitetin müəllim və tələbələri, ictimaiyyət nümayəndələri, həmçinin İB-nin “Müasir dövrdə Azərbaycan ailə modelini necə qoruyub saxlamaq olar?” mövzusunda elan etdiyi müsabiqənin qalibləri iştirak etmişlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov ailə institunun qorunması sahəsində dövlət siyasətindən, qəbul olunmuş qanunlardan, komitənin həyata keçirdiyi işlərdən danışıb və mövzu ilə bağlı iştirakçılara geniş məlumat verib. Qərb və Şərq ailə modellərinin müqayisəli təhlilini verən və milli ailə institunun üstünlüklərini izah edən natiq tədbir iştirakçılarının suallarını cavablandırıb.
5 saylı vəkil bürosunun vəkili Nicat Nəsirov da mövzu ilə bağlı fikirlərini bildirib və öz vəkillik təcrübəsindən misallar gətirərək ailə problemlərinin səbəblərini və çıxış yollarını izah edib. Hüquqşünas ailədə tərəflərin hüquq və vəzifələrindən danışıb, münasibətlərin tənzimlənməsi üçün optimal yolları izah edib.
Layihənin eksperti, sosioloq-jurnalist Elçin Bayramlı mövzunun bugünkü cəmiyyətimizdə çox aktual olduğunu və məhz bu səbəbdən təşkilatın bu mövzuda jurnalistlər və gənclər arasında yazı müsabiqələri təşkil etdiyini qeyd edib. Sosioloq qeyd edib ki, qloballaşma və mədəniyyətlərin inteqrasiyası dövründə mili mənəvi dəyərlərin, xüsusən də ailə dəyərlərinin qorunmasına daha çox ehtiyac var və bu səbəbdən gənclərin öz milli köklərimiz üzərində formalaşması vacibdir.
Avrasiya Universitetinin psixoloqu Nüşabə Quliyeva da milli-mənəvi dəyərlərimizin ütsünlüklərindən danışıb və qarşılıqlı sevgi və fədakarlığın uzunömürlü ailənin əsas qarantı olduğunu qeyd edib. O, müasir dövrdə də faydalı adət-ənənələrimizin yaşadılmasına ehtiyac olduğunu vurğulayıb.
Bakı Avrasiya Universitetinin Sosial iş ixtisasının müəlliməsi Əfsanə Muradlı isə universitetin hazırladığı təbliğat və maarifləndirmə rolikini təqdim edərək, bu sahədə hüquqi və mənəvi aspektləri izah edib.
Layihənin rəhbəri Emin Mehdi bildirib ki, müsabiqəyə bu mövzuda çox maraqlı yazılar təqim olunub və bu səbəbdən də qalibləri seçmək münsiflər üçün asan olmayıb.O, yazıların Azərbaycan ailə dəyərlərinin qorunub saxlanması üçün təsirli təbliğat materialları olduğunu deyərək ki, qeyd edib ki, gənclərin bu mövzuya marağı təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu kimi layihələrə dəstək göstərdiyi üçün minnətdarlığını bildirən layihə rəhbəri bildirib ki, ümumilikdə 2 müsabiqə elan olunub və bu gün gənclər arasında keçirilən müsabiqənin nəticələri açıqlanacaq. Jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri isə 16 mart tarixində mükafatlandırılıb.
Daha sonra müsabiqənin qaliblərin elan olunub.
1-ci yer – Səbinə Cəlilova (Bakı Avrasiya Universitetinin Karyera və Təcrübə mərkəzinin məsləhətçisi)
2-ci yer – Ayşən Sadıqzadə (Səs İnformasiya Agentliyinin müxbiri)
3-cü yer – Leyla Səfərova (Bakı Avrasiya Universitetinin Filalogiya fakultəsinin 2-ci kurs tələbəsi)
Həvəsləndirici mükafatlar;
1. Rəvan İsmayılov (Azərbaycan Pedoqoji Universitetinin 1-ci kurs tələbəsi)
2. Nuray Sadıqzadə (155 saylı tam orta məktəbin 10-cu sinif şagirdi)
Qaliblərə Diplomlar və hədiyyələr təqdim olunub.
Konfransda mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Avrasiya Universitetinin hazırladığı qısa filmlər nümayiş etdirilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Layihə rəhbəri tədbirin təşkilində göstərdiyi köməyə görə Bakı Avrasiya Universitetinin rəhbərliyinə, həmçinin tədbirdə fəal iştiraklarına görə tələbələrə təşəkkürünü bildirib.