“Mezzo” telekanalında görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş Monte-Karlo Filarmoniya Orkestrinin iştirakı ilə Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında konsert proqramı nümayiş etdiriləcək.
RUBİN.AZ “AzərTac”a istinadən xəbər verir ki, konsert proqramına görkəmli bəstəkarın “Kürd-ovşarı” və “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Şeyx Sənan” dramatik tamaşasından “Kor ərəbin mahnısı” (məşhur xanəndə Alim Qasımovun ifasında), “Azərbaycan kapriççiosu” kimi əsərləri daxil edilib. Konsert dekabrın 1, 2, 7-də nümayiş olunacaq.Qeyd edək ki, “Mezzo” incəsənəti, musiqini təbliğ edən Fransa telekanalıdır. Kanalın musiqi proqramları daha çox keçmiş illərdə canlı konsertlər, festivallar zamanı hazırlanmış çəkilişlərdən ibarətdir. Yayım cədvəlinə həmçinin konsertlərin canlı yayımları, opera və balet tamaşaları, musiqi və ifaçılar haqqında sənədli filmlər daxildir.