“İstedadları tanıyaq və tanıdaq” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixindən “İstedadlı gənclər arasında “Şuşa Zirvəsi” adlı müsabiqənin keçirilməsi” layihəsinin icrasına start verib.
İctimai Birlik sədri Vüsalə Sadıqova RUBİN.AZ-a bildirib ki, layihə 2 ay müddətində (01.09.2022- 01.11.2022 ) Bakı şəhərində icra ediləcək:
“Layihənin məqsədi, istedadlı və bacarıqlı gəncləri üzə çıxarmaq üçün tədbirlər keçirmək, onların arasında Vətən müharibəsində qazandığımız qələbəni təbliğ etməkdir.
Bu məqsədlə, bacarıqlı gənclər üzə çıxarılacaq, onlarla müəllim və psixoloqun iştirakı ilə görüş keçiriləcək. Layihənin icrası nəticəsində istedadlı gənclərin üzə çıxarılmasına və onların öz bacarıqlarına inanaraq onu daha da inkişa etdirməsinə nail olacağıq. Eyni zamanda, ictimaiyyət istedadlı gənclərimizi tanıyacaq və onlara dəstək olacaq.
Məktəblərdə keçirilmiş görüşlər nəticəsində seçilmiş məktəblilər və istedadlı gənclər arasında “Şuşa Zirvəsi” adlı müsabiqə elan olunacaq. Məktəblilər istedadlarına uyğun olaraq, muğam, inşa, qiraət, yazarlıq qabiliyyəti, rəsm və malik olduqları digər bacarıqlar üzrə müsabiqədə iştirak edəcək. Onların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcək.
Daha sonra Şuşaya aparan “Zəfər yolu” adlı böyük konsert proqramı keçiriləcək. Proqramda rəsmi qonaqlar, Vətən müharibəsi qəhrəmanlarının istedadlı övladları, bundan öncə keçirilmiş müsabiqədə iştirak edən şagirdlər və onların yaxınları iştirak edəcək. Konsertdə “Şuşa Zirvəsi” müsabiqəsində iştirak etmiş və qalib gəlmiş şəxslərə diplom və hədiyyələr təqdim ediləcək”.