Ermənistanın Armavir vilayətinin Arşalyus kəndində sakinlər arasında toqquşma olub.
“Rubin.az” xəbər verir ki,“Qafqazinfo” Ermənistan mediasına istinadən məlumatına görə, kəndin bir qrup sakini icra nümayəndəsinin başçısı Zarzand Qriqoryanın istefasını tələb edib. Qriqoryanın tərəfdarlarını müdafiə edən polislə etirazçılar arasında dava çıxıb.
Daha sonra Arşalyusa “Mənim addımım” blokundan millət vəkili Taqui Kazaryan gəlib. Onun təklifi ilə tərəflər arasında görüş təşkil olunub. Ancaq heç bir razılıq əldə edilməyib. Kazaryanın sözlərinə görə, kəndin icra nümayəndəsinin başçısı onun istefasını tələb edənlərə qarşı güc tətbiq edir. Etirazçılar Qriqoryan əleyhinə imza toplayıblar.
Qeyd edək ki, Zarzand Qriqoryan Ermənistan müdafiə nazirinin keçmiş müavini, hazırda həbsdə olan Manvel Qriqoryanın qardaşı oğludur. Kənd sakinləri artıq uzun müddətdir onun istefasını tələb edirlər.