Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib.
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əli Əhmədov qeyd edib ki, bəşər sivilizasiyasını kitabsız və yazısız təsəvvür etmək mümkün deyil:
“Azərbaycan tarixinin qədim ənənələri də kitab və yazı ilə birbaşa bağlıdır. Bildiyimiz kimi, bu il ölkə başçısı tərəfindən ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin günümüzə gəlib çatması məhz yazı və kitabın sayəsində mümkün olub. Kitab sərgisinin keçirilməsi burada iştirak edən qonaqlara ölkəmizin mədəniyyət tarixini nümayiş etdirmək üçün gözəl zəmin yaradacaq”.
Mərasimdə çıxış edən Anar Kərimov bildirib ki, kitab bəşəriyyətin ən vacib bilik almaq vasitələrindən biridir:
“Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan dövlətimiz kitaba və mütaliəyə də hər zaman böyük dəyər verir. Təsadüfi deyil ki, 14 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən, öncül festivallardan hesab olunur. Builki kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub. Sərgi “Nizami Gəncəvi İli” çərçivəsində bu günə qədər keçirilən tədbirlər arasında iştirakçı sayı və əhatə miqyasına görə ən böyük tədbirdir”. Nazir bildirib ki, sərgidə 12 ölkədən 43 xarici təşkilat, 120-dən çox yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq.
Builki kitab sərgisinin əsas özəlliklərindən birinin də qalib xalqın, Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramı olduğunu söyləyən Anar Kərimov sərgidə Vətən müharibəsində möhtəşəm qələbəmizə həsr olunan, Qarabağın tarix və mədəniyyətini əks etdirən kitablar, dərgilər və digər çap məhsullarının da yer aldığını deyib.
Ahmet Misbah Demircan Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Mehmet Nuri Ersoyun salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, 2020-ci ildə Türkiyədə 80 minə yaxın başlıqda 400 mindən çox kitab işıq üzü görüb. Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərgi-yarmarkanın əhəmiyyətdən danışdı, kitabın mütaliə vasitəsi kimi hələ də öz dəyərini qoruduğunu vurğulayıb.
Sonda sərginin açılışını bildirən rəmzi lent kəsilib. Tədbir iştirakçıları kitab stendləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, oktyabrın 10-dək davam edəcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sponsoru “bp” şirkəti, baş TV tərəfdaşı İctimai Televiziyadır. Festivala təşkilati dəstəyi “Caspian Event Organisers” şirkəti həyata keçirir.