“Turan İbrahimovun televiziyalarımızla bağlı fikirləri ilə razıyam. Tamamilə doğru deyir. Televiziya rəhbərləri bilə-bilə peşəkarları itirirlər. Televiziyalarımız 44 gün savaşdan əvvəlki ədəbsizliyin, düşüncəsizliyin maşınıdır”
Bunu Moderator.az-a açıqlamasında aparıcı Kamran Həsənli deyib. O, insanlarımızın əksəriyyətinin Rusiya və Türkiyə kanallarına baxdığını bildirib:
“Fikirləşilmişdi ki, insanları düşüncəsiz eləsinlər. Onları qürurdan, düşüncədən uzaqlaşdırsınlar. Hər şey dəyişilir, Azərbaycanın dünyada siyasi rolu da, düşüncəsi də, milli qüruru da dəyişilib. Amma televiziyalarımız dəyişilməyib, elə necə var, elə də qalıb. Ona görə də televiziyalar peşəkar televiziyonçuların yeri deyil. Bu maşın özü sıxıb bir-bir peşəkarları ordan çıxarır. Azərbaycanda televiziya yoxdur. Rus dilini bilənlər Rusiya televiziyalarına baxırlar və orda da təəssüf ki, hər gün bizim əleyhimizə təbliğat gedir. “Beşinci kalonu” yaradırlar. Türk dilini bilənlər isə Türkiyə kanallarına baxırlar”.
Qeyd edək ki, aparıcı Turan İbrahimov da çalışdığı telekanaldan gedib. O, açıqlamasında bildirib ki, “Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib”.