Baş Prokurorluq Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı rəsmi məlumat yayıb.
“Rubin.az”a daxil olan məlumatı təqdim edirik:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi müqabilində onun yaxın qohumundan 1000 manat pulu rüşvət tələb edərək, həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub.
Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini 21 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.