“Azərbaycan 30 ildən çoxdur düşmənlə müharibə şəraitində yaşayır və bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur!”
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxış edərkən deyib. Onun sözlərinə görə, istər icra hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik:
“Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı.Bizdə “hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti Cinayət qanunvericiliyində əksini tapmayıb.
Ali Baş komandan son iki ayda pandemiyaya qarşı mübarizədə olduğu kimi, günün birində milləti səfərbərliyə çağırarsa- o sərvət hərisləri əsgər və zabitin azuqəsinə əl uzadacaqlar, ordunun tankına və topuna göz dikəcəklər.Ona görə də belə əməllər dinc dövrün qanunları ilə cəzalanmalı deyil. İstər siyasi vəzifə tutsunlar, istər hərbi, cinayətkarlar Azərbaycan dövlətini təmsil etmirlər, çünki bütöv bir rayonu-torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə mənsubiyyəti yoxdur.Ona görə də sərhəd bölgələrinə xüsusi yanaşma olmalıdır.
Son həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir.Dogrudur, Biləsuvar “cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev isti kabinetində mülki vətəndaşların-yoxsulluqda yaşadıgı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə bir qədər ön cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular. Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? Səngərdə keşik çəkən oğullarımız o torpaqları ona görəmi qoruyur ki, onu icra başçısı Mahir Quliyev sadə vətəndaşın- Vaqıf Abışovun əlindən zorla alsın?
O adamlar dünənə qədər rəhbər qiyafəsində gəlib şəhidlərimiz qarşısında baş əyirdilər, o əllərlə qəhrəmanların məzarına gül qoyurdular, elə həmin çirkli əllərlə də sadə vətəndaşın haqqını yeyirdilər.
Cənab prezidentin hökmü və cəzası ona görə qətidir və sərtdir:Ali Baş komandan bunlara “xəyanət” deyir! İndi üstündən 20 il keçəndən sonra başa düşürük ki, Avropa Şurasına qəbul olunanda məcburən “vətənə xəyanət” maddəsini hüquqi sənədlərdən çıxarmalı olduq. Təəssüf! Lakin son həbslər göstərdi ki, Prezidentin humanizminin sonsuzluğuna ümid edənlər yanılırlar!”.