Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə sakinləri də qoşulublar.
Bu məqsədlə aprelin 22-də Mərkəzi Qan Bankının Bərdə rayon bölməsində qanvermə aksiyası təşkil olunub.
Qeyd edək ki, bir neçə gün öncə 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Fatma Yıldırım rayon sakinlərinə, seçicilərinə müraciət edərək onları Mehriban xanım Əliyevanın nəcib təşəbbüsünə qoşulmağa çağırmışdı. Bu təşəbbüsə və çağırışa bərdəlilər böyük ruh yüksəkliyi ilə qoşulublar.
Gün ərzində xüsusi karantin rejiminin qaydalarına əməl etməklə 100-dən çox Bərdə sakini könüllü surətdə qanvermə aksiyasında iştirak ediblər. Deputat Fatma Yıldırım da qanvermə aksiyasında iştirak edən seçicilərinin yanında olub, onların bu xeyirxah təşəbbüsə qoşulmalarını yüksək qiymətləndirib.
Çünki humanistlik və xeyirxahlıq əməllərin sahibi olmaq xalqımızın ən gözəl keyfiyyətlərindən biridir!
Qeyd edək ki, qanvermə aksiyası aprelin 23-də də davam edəcək.
XALQ.AZ