Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
“Rubin.az” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilsin və onun funksiyaları Nazirliyin Aparatına verilsin.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılsın.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilsin.
4. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv edilsin.
5. Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin.
6. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların (“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
7.1. hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etsin;
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.4. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;
8.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
8.6.1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi;
8.6.2. Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi;
8.7. üç ay müddətində:
8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
8.7.2. bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və onun yanında Dövlət Xəzinədarlıq Agentliyinin əsasnamələrinin layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi bu Fərmana əsasən ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.
10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmana əsasən ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsünlər və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
11. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
11.1. mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyasını və ekspertizasını həyata keçirsin, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin DATA mərkəzi vasitəsilə həyata keçirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
11.2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında onun üçün nəzərdə tutulmuş, habelə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq vəsait həddində dividendin tabeliyindəki qurumlar tərəfindən dövlət büdcəsinə ödənilməsini təmin etsin.
12. Mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 11.1-ci bəndindən irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq şərait yaradılmasını və kömək göstərilməsini təmin etsinlər.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.