Azərbaycan kişisi obrazını efirlərə çıxarıb, üz-gözümüzü öyrəşdirmək istədiyiniz naqis, natamam adamlar yaratmır.
Azərbaycan kişisinin siması, məsələn, Kərbəlayi İsmayıldır. Bir də onun məlum düşməni. O düşməni ki, sovet hakimiyyətinə əsir düşməsin deyə Kərbəlayinin külfətini onun öz xahişi ilə qorumuşdu. İndi bəziləri qalib olsun deyə külfətini də istifadə edir. Nə deyək, bu cür sonun başlanğıcına şükürlər olsun…
Az sonra bunu deyə biləcəyikmi? Yəqin yox! Çünki artıq bizi işğal edib sovet imperiyası quracaq Rusiya yoxdur. İdeologiyanı yazan da Lenin babalar deyil. Axı Lenin çoxdan ölüb…
İndi dünyanı dağıdıb, yenidən qurmağa iddalıların ideologiyası reallaşır. Təkcə dövlətlər, insanlar üzərindən deyil, dinlər üzərindən də faciələr törədilir.
İndi dünyada millətlərin milli dəyərlərinin aşılanıb, itməsi üçün azı əlli il əvvəl qurulan institutların layihələri həyata keçirilir. O layihələrdə hesablayıb, proqnozlaşdıra bilmədikləri cəmi bircə şey var: Milli müqavimət necə olacaq?! Və ya olacaqmı?!.. Yəni bütün yollar açıqdır. Bir evlərin, ailələrin mənəviyyat, mənlik, əxlaq qapısı xaric. Burdan reaksiya nə olar, bəlli deyil. Amma lazımi nəticəni əldə etməyin yolları həmişə araşdırılmaqdadır, millətlərin milli keyfiyyətləri nəzərə alınmaq şərti ilə, təbii ki…
Bizdə ən dəhşətli hadisə qadının kişiyə xəyanətidir. Bu azərbaycanlı mentalitetində təxminən vətənə xəyanət maddəsi ilə məhkum olunmaq deməkdir. Və namus deyəndə ağlımıza ilk gələn şey qadın xəyanətidir… Hər şey bunun üzərindən işlənilir desək, bəlkə də yanılmarıq. O üzdən insanların üz- görzünü əxlaqsızlığa, dəyərlər sisteminin olmamasına alışdırırlar. İstəyirlər bir gün duraq deyək, əşi noolub ki, qonşudur də, ona qadın lazımdır. A bala, nə məsələdir, axı, bu da qadındır, ona kişi lazımdır. İndi nə fərqi var, o kişi bunun əridirmi? Ya da o qadın bunun arvadıdırmı? Üzərinə 18+ , özü də real, orijinal video yazılan, altından da bəh-bəhlə imza qoyulan eybəcər materialın tirajlanmasını başqa cür yoza bilmədim mən…
…O cür “xəbərdə” kim nə görür, demək çətindir, amma bir məsələ dəqiqdir, hamı baxır. Beləcə, həm də ictimai rəyi formalaşdıran, çox az sayda KİV-i də tamamilə məhv edirlər.
Hə, deyən olsa ki, bu sonun başlanğıcının yaratdığı xofdur, inanmayın! Xof deyil, reallıqdır.
Özü də bu reallıq bir rəqqasənin dədəsi yaşında kişiyə dal atıb yerə yıxması anında öz kuliminasiyasına çatdı. Tanınan ifaçı Əli Mirəliyevə adını unutduğum rəqqasənin efirdə vurduğu dal zərbəsini deyirəm. Bəlkə də bu gün çoxu bir dala yıxılan Əli Mirəliyevdir. Yəni hərə pulunu yıxıla-dura, birtəhər qazanır…
…Qayıdaq illərlə arvadı olan qadını rəzil edən “kişilərə” və özlərini rəzil günə qoyan o arvadlara. Bədbəxt rəzil “kişi”. Hər şeyin üstünü guya sən açdın. Amma lüt madərzad oturan o qadın yenə öz üstünün açılmasını istəmir. Səndən daha namuslu görünür çəkdiyin videoda. Düzü, bilmədim hansınız daha rəzilsiniz. Səni söyüb sevgilisini müdafiə eləyən o qadınmı?! Yoxsa ailəsi kimi yanında illərdir yatırdığı qadını başqa yataqlara aparan səbəbi ona verən sənmi?!
Bəlkə oturub axtaran olsa, arvadını boşamaq üçün o “kişini” də “kirayəyə” sən “kişi” götürmüsən.
Bir də sözüm sizədir, ay hər şeyi rəzil günə qoyanlar. Bir kişinin və qadının intimindən gələn pulu Allah kəssin…
Nəfəsiniz kəsildimi?! Mənim də… O üzdən antrakt! Bu gün yayılan 18+ videosunda “qeyrətli” ərmi, qayınmı, dədəmi deyir ki, “ onun üstünü açın ee, üstünü”…Guya bir qadının əzalarından başqa fərqli nəsə göstərir. Sonra da kişi-kişi bağırır ki, ”ayəəə, gedin İzzəti çağırın ee, İzzətiii!”… Yəqin ki, qızın dədəsidir İzzət…
…“Bala, başa bəla”dakı Nəfislilər ailəsi…. İzzət Nəfisli, bacısı Suğra, onun “İziii…”, qışqırığını xatırladınızmı?!..
Həmin televiziya tamaşasında Suğra nazir qardaşının oğluna qadın paltarı geyindirib, əsgərlikdən yayındırmasına etiraz edirdi. Namusa çağırırdı, vətənpərvərliyə səsləyirdi, naqisliyə, xəyanətə baxmağa, onu yaymağa, çağırmırdı, bunun tirajlanmasını da istəmirdi. Bir Suğracan da ola bilmiriksə, day nə deyim axı?!..
Jalə Mütəllimova