Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub. Nazir universitetin maddi-texniki bazası, tədris prosesi ilə tanış olduqdan sonra universitet rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.
“Rubin.az” xəbər verir ki, Təhsil nazirinə universitetin tarixi, strukturu və tədrisin təşkili barədə ətraflı məlumat verilib.
Universitetin rektoru Ceyran Mahmudova bildirib ki, ölkənin mədəniyyət və incəsənət sahəsi üçün ixtisaslı kadrlar yetişdirən ali təhsil müəssisəsində 2265 tələbə təhsil alır. Universitetin tələbələri ölkənin mədəni həyatında fəal iştirak edirlər.
Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdırlar. Nazirin sözlərinə görə, dövrün tələbləri hər bir universitetdən öz keyfiyyətini artırmağı və fəaliyyətini innovativ tədris texnologiyaları əsasında qurmağı tələb edir.
Daha sonra rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Nazir teatr sənəti fakültəsinin tələbələrinin məşq prosesində olub və ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında “Tiran Edip” tamaşasını izləyib.
Sonda Təhsil naziri Ceyhun Bayramov səhnə əsəri haqqında təəssüratlarını bölüşüb.