Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib.
“Rubin.az” xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqi ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olub: “Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək.
Prezidenti İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 08 oktyabr 2018-ci il tarixli Fərmanın icrası ilə əlaqədar görülən işlər çərçivəsində Baş İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının proqram təminatı və istifadə qaydalarına dair təlimatın hazırlanması təmin edilib”.
Ötən il iyunun 17-də Strasburq şəhərində GRECO-nun yaradılmasının 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda iştirak etmiş Baş İdarə rəisi Kamran Əliyev çıxışında cari məsələlərlə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli Fərmandan irəli gələn vəzifələr barədə məlumat verib, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində mühüm addım olduğunu bildirib.
Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri və növbətçi prokurorlar tərəfindən ümumilikdə 717 vətəndaş qəbul edilib.
Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.
Daha sonra mətbuat konfransında çıxış edən Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov bildirib ki, İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirilib.