Dekabrın 18-də Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
“Rubin.az” xəbər verir ki,tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Tədbirin birinci hissəsində Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr barədə danışıb. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib.
Daha sonra qeyd olunan rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva şagirdlərin beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlardan, məktəblərin ali təhsil müəssisələrinə qəbul göstəricilərindən danışaraq nəticələrin yaxşılaşdığını diqqətə çatdırıb. Nazir müavini təhsil sahəsində bu gün uğurlu nəticələrin əldə olunmasında islahatlarla yanaşı, dövlətin təhsilə qayğısının da böyük rol oynadığını diqqətə çatdırıb.
Görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.
Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.