Sentyabrın 27-də İçərişəhərdəki Miniatür Kitab Muzeyində “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” (“Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır”) miniatür kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovadır.
“Rubin.az” AzərTAC-a istinadən xəbər verir ki, mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, deputatlar, yazıçılar, yaradıcı ziyalıların nümayəndələri, alimlər, jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova mərasimi açaraq deyib ki, 1988-ci ildən bugünədək onun tərəfindən 238 miniatür kitab buraxılıb, lakin bu nəşr görkəmli şəxsiyyət – Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk kitabdır.
Sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitab haqqında müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə Azərbaycan və xarici KİV-lərdə nəşr etdirdiyi məqalələri toplanıb.
Qeyd olunub ki, “Mexriban Aliyeva. Missiya dobra vıpolnima” miniatür kitabı 2019-cu ildə “Indiqo” nəşriyyatı tərəfindən 100 nüsxədə çap edilib. 60×70 mm ölçüdə, 412 səhifədən ibarət miniatür kitab 105 rəngli fotoşəkillə illüstrasiya olunub.
Kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasındakı nitqi ilə açılır.
Mərasimdə çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın olduqca geniş və çoxşaxəli fəaliyyətindən söz açıblar.