“Facebook”da şikayət məktubu yazanlar mənim dostlarımdır”.
“Report”un xəbərinə görə, bunu Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alimpaşa Məmmədov deyib.
“Alimpaşa Məmmədov mənim stolunun üstündəki kompüterə yaxınlaşmağımı xahiş edir və daim açıq olan rəsmi “Facebook” səhifəsini göstərir. Yazanlarla, yazılanlarla məni tanış edir. Özü də ilk dəfədir şikayət məktubları yazan şəxslər haqqında belə məmnunluqla danışan rayon rəhbəri görürəm: – Onlar hamısı mənim dostlarımdır, – deyə Alimpaşa müəllim sanki mənim təəccübləndiyimi hiss edir”, – icra başçısından müsahibə alan “Xalq qəzeti”nin əməkdaşı yazır.
A.Məmmədov “Facebook”a şikayət yazanlardan incimədiyini deyib: “Nöqsanımızı, çatışmayan cəhətimizi deyirlərsə, öz problemlərini yazırlarsa, deməli bu rayonu sevən, başlıcası isə bizə etibar və inam göstərən insanlardır. Yazan adamdan niyə inciməliyik ki? Məktubların hamısını bir-bir özüm oxuyuram. Həmin anda printerdən çıxarılır, dərkənar qoyularaq sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə verilir”.