Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev plenar iclasda Abşeron rayonunda yeni xəstəxananın 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini təklif edib.
Deputatın sözlərinə görə, rəsmi məlumatlara əsasən Abşeron rayonunda 400 mindən çox insan yaşayır; müxtəlif səbəblərdən əhalinin faktiki sayı bu göstəricidən artıq olduğu bildirilir və bu vəziyyət kommunal xidmətlərə, təhsil və səhiyyə infrastrukturuna əlavə yük yaradır.
Rizvan Nəbiyev mövcud xəstəxana infrastrukturunun artan tələbatı qarşılamadığını vurğulayıb və Xırdalan şəhərində və ya rayonun digər münasib ərazisində yeni xəstəxananın tikintisinin zəruri olduğunu söyləyib.
Deputat qeyd edib ki, Abşeron paytaxtla və digər bölgələrlə əlaqəli nəqliyyat qovşağıdır və bu səbəbdən rayondakı tibb müəssisələrinə yalnız yerli sakinlər deyil, təcili tibbi zərurətə görə digər vətəndaşlar da müraciət edirlər.
R.Nəbiyev İqtisadiyyat və Səhiyyə nazirliklərinə müraciət edərək yeni xəstəxananın 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini prioritet qaydada nəzərdən keçirmələrini xahiş edib.
Mənbə: az.trend.az

