Müdafiə Nazirliyi intellektual bölmələrə çağırışçı seçimi üçün meyarları genişləndirdiyini bildirib. Yeni mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsinə yüksək akademik nəticələrlə yanaşı informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də daxil edilib.
Seçim prosesinin asanlaşdırılması məqsədilə çağırışçıların elektron müraciətlərinin qəbulu üçün rəsmi portal istifadəyə verilib. Nazirlik yeni yanaşmanın məqsədini müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını uyğun fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından xidmət dövründə istifadə etmək kimi təqdim edir.
İntellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırmağa xidmət edir. Nazirlik bildirir ki, informasiya texnologiyaları, kibertəhlükəsizlik və əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirəcək və onlara ixtisas üzrə təcrübə qazanmaq imkanı yaradacaq.
Mövcud məlumatlara görə, layihə çərçivəsində tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına və yerli ali təhsil müəssisələrinin tələbələri arasında akademik nəticələrə və peşəkar inkişafa yönələn rəqabətin formalaşmasına töhfə verir.
İntellektual bölmələrə qəbul üçün əsas seçim meyarlarına aşağıdakılar daxildir: ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər; beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri; "Times Higher Education" və ya "Academic Ranking of World Universities" reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları; Dövlət Proqramı üzrə təsdiq edilmiş xarici ali təhsil müəssisələri və proqramlarının məzunları; informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində "Advanced" və ya "Expert" səviyyəli nüfuzlu beynəlxalq sertifikatlara malik şəxslər; həmçinin robototexnika, insansız sistemlər, süni intellekt və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada və yarışların qalibləri.
Müddətli həqiqi hərbi xidmətə çağırılan və müəyyən edilmiş meyarlara uyğun gələn şəxslər və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi saytının "İntellektual bölmələr" hissəsi vasitəsilə elektron müraciət edə bilərlər. Ətraflı sənədlər portalın "Sənədlər" bölməsində yerləşdirilib və lazım olduqda Çağrı Mərkəzi ilə əlaqə mümkündür.
Mənbə: az.trend.az

